BSU-da “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir

Fevralın 27-də Bakı Slavyan Universitetində (BSU) Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin, Azərbaycanda Rusdilli Tədris Müəssisələri Assosiasiyasının və BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin birgə təşkilatçılığı ilə Rusiyanın tanınmış dilçi-alimi, ədəbiyyatşünas, akademik Viktor Vinoqradovun 125 illik yubileyinə həsr olunmuş “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva  Viktor Vinoqradovun dilçilik elmi sahəsində misilsiz xidmətlərindən danışıb, bu istiqamətdə keçirilən tədbirin  tələbə-gənclər üçün əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Leyla Vəzirova “V.V. Vinoqradovun həyat və yaradıcılığı”, BSU-nun Müasir rus dili kafedrasının müdiri, professor İlyas Həmidov “V.V. Vinoqradovun  elmi irsi və müasirlik”, Ümumi dilçilik kafedrasının professoru  Aslan Məmmədli “Rus dilinin frazeologiyasının aktual məsələləri”, Müasir rus dili kafedrasının professoru Lidiya Qranovskaya “Bədii nitqin stilistikası”, “Ölkə və xarici filologiyada müəllif obrazı” mövzusunda mərusələrlə çıxış ediblər.

Tədbir Viktor Vinoqradovun elmi fəaliyyəti barədə diskussiya ilə davam edib.

Sonda çıxış edən Azərbaycanda Rusdilli Tədris Müəssisələri Müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina tədbirin təşkilini yüksək qiymətləndirib.

Sosial şəbəkədə paylaşın: