BSU-nun müəllimləri Mingəçevir şəhərində elmi-metodiki seminar keçiriblər

Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin təşəbbüsü ilə Mingəçevir şəhər  Mehdi Hüseynzadə adına 3 nömrəli  tam orta məktəbdə “Təhsildə rəqəmsal bacarıqlar və yeniliklərin tətbiqi”  mövzusunda  birgə elmi-metodiki seminar keçirilib.

Seminarın məqsədi şagirdlərə universitetdə kadrların hazırlanması, həmçinin tədris edilən ixtisaslar, fənlər və əldə olunan nəticələr barədə ətraflı məlumat vermək, məktəb və universitet arasında sıx əlaqələr yaratmaqla təhsil işçiləri arasında innovativ bacarıqları təbliğ etmək və bu sahədə təcrübə mübadiləsi aparmaqdan ibarət idi.

BSU-nun respublikanın regionlarının orta məktəblərində informasiya mübadiləsi məqsədilə təşkil etdiyi silsilə tədbirlərdən biri olaraq bu seminarda bir sıra maraqlı elmi-metodiki məruzələr dinlənilib, fənlərin və mövzuların tədrisi ilə bağlı yeni biliklər seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva çıxışında BSU haqqında ümumi məlumat verdikdən sonra “Mütəxəssis hazırlığı innovativ yanaşmalar kontekstində” mövzusunda geniş məruzə edib. Dosent G.Əliyeva məruzəsində BSU-da tədris prosesinin keyfiyyətini təmin edən amilləri önə çəkərək təhsil proqramlarının məzmunu və strukturu, mütəxəssis hazırlığında innovativ yanaşmaların əhəmiyyəti və İKT-dən istifadənin müsbət nəticələri haqqında dərin və məzmunlu çıxış edib.

Bundan əlavə, seminarda Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin direktoru Gültəkin Quliyevanın  “Təhsildə innovasiyaların rolu”, BSU-nun İngilis filologiyası kafedrasının baş müəllimi Natavan Babayevanın “Xarici dilin tədrisində innovativ yanaşmalar”, Rus dili və onu tədrisi metodikası kafedrasının dosenti Sevinc Məmmədovanın “Классификация учебных целей в познавательной сфере (Таксономия Блума)”, BSU-nun nəzdində Məktəb-Lisey Kompleksinin informatika müəllimi Emin Həsənovun “Şagirdlərin məntiq və alqoritm təfəkkürünün inkişafında Scratch proqramından istifadə”, 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhsəti Məmmədovanın “Rəqəmsal bacarıqlar, həmin məktəbin rus dili və ədəbiyyatı müəllimi Vəfa Əliyevanın “Инновационные приемы, используемые на уроках в школе” mövzularında çıxışları böyük maraqla dinlənilib. Çıxışlar ətrafında müzakirələrdə universitet və məktəblər arasında bu istiqamətdə tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

Tədbir məktəb şagirdlərinin “Ana dilim-doğma dilim” adlı bədii-musiqili təqdimatı ilə yekunlaşıb.

Sosial şəbəkədə paylaşın: