Yunanıstanın Təhsil Nazirliyinin nümayəndə heyəti Bakı Slavyan Universitetində olub

Oktyabrın 28-də Yunanıstan Respublikasının Təhsil Nazirliyinin nümayəndə heyəti Bakı Slavyan Universitetinin (BSU) Müasir Yunan Dili Tədris- Mədəniyyət Mərkəzində olub.

Əvvəlcə “Arqo” Yunan Cəmiyyətinin sədri, BSU-nun yunan dili müəllimi Səidə Mehdiyeva, BSU-nun Müasir Yunan Dili Tədris- Mədəniyyət Mərkəzinin müdiri Sevda Əlizadə qonaqları və tədbirdə iştirak edənləri salamlayıb, mərkəzin fəaliyyəti barədə məlumat veriblər.

Sonra Yunanıstandan ezam olunmuş dilçi Maria Delaki Bakı və azərbaycanlılar haqqındakı təəssüratlarını Azərbaycan dilində bölüşüb, Azərbaycan və yunan dillərində olan ortaq sözlər barədə çıxış edib.

 Tədbirdə tələbələr Azərbaycan dilindən yunan dilinə və əksinə keçən sözləri səsləndiriblər.

Yunanıstanın Təhsil Nazirliyinin təhsil məsləhətçisi Yuli Xronopulu ritorika elmi  haqqında təqdimatla çıxış edib. Təqdimatda ritorika elminin qədim Yunanıstanda yaranması və müasir dövrdə tədrisi barədə məlumat verilib.

Daha sonra BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov ritorika fənninin BSU-nun Magistratura şöbəsində tədrisi, mövzu ilə bağlı dərsliklər və həmçinin magistrantların nəzəriyyəni əyani şəkildə tətbiqetmə üsulları barədə danışıb.

Tədbirin davamında təhsil məsləhətçisi Efi Xristopulu Yunanıstanın milli bayramı olan “OXİ” günü barədə təqdimatla çıxış edib.  Çıxış zamanı həmin günün, ümumilikdə isə İkinci Dünya mübaribəsi zamanı Yunanıstanda gedən döyüşlərin qələbə üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.

Sonda qonaqlar Müasir Yunan Dili Tədris-Mədəniyyət Mərkəzinə hədiyyələr təqdim ediblər.

Sosial şəbəkədə paylaşın: