BSU-nun rektoru I tədris ili tələbələri ilə görüşüb

Oktyabrın 4-də  Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva 2019-2020-ci tədris ilində I tədris ilinə qəbul olunmuş tələbələrlə görüşüb. Görüşdə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov,  Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov, fakültə dekanları, dekan müavinləri, tyutorlar, tələbə ictimai təşkilatlarının fəal üzvləri iştirak ediblər.

BSU-nun rektoru, professor Nurlana Əliyeva  tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onları 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, uğurlar arzulayıb. Rektor qeyd edib ki, bugünkü görüş hamımız üçün çox faydalıdır. Peşə-ixtisas seçimi hər bir insanın həyatında mühüm əhəmiyyət kəsb edir. Düzgün peşə-ixtisas seçimi insanın gələcək karyerasının təmin edilməsi üçün başlıca amildir. Ali təhsil almaq üçün BSU-nu seçən gənclər slavyan xalqlarının dilini, ədəbiyyatını, mədəniyyətini öyrənəcəklər. Universitetdə 60-dan çox elmlər doktoru, professor, 270-dən çox fəlsəfə doktoru sizin təhsilinizlə məşğul olacaq. Biz sizin keyfiyyətli təhsil almağınız üçün hər cür şərait yaradırıq. Siz tədris prosesində aldığınız biliklərlə kifayətlənməməli, yüksək səviyyəli mütəxəssis kimi yetişmək üçün daim oxumalı, mütaliə etməli, öz üzərinizdə əzmlə çalışmalı, bilik və bacarıqlarınızı artırmalı, həqiqətsevər və ədalətli vətəndaş kimi formalaşmalısınız. Siz Azərbaycanı yaxından tanımalı, onu ürəkdən sevməli, fəal və ləyaqətli vətəndaş olmalı, milli-mənəvi dəyərlərimizə, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmalısınız. Universitetimizin və ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etməyiniz olduqca vacibdir. BSU-da şəffaf və obyektiv tədris və imtahan prosesi təmin edilib, bilik yeganə meyardır.

Rektor çıxışında vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyinin 28-ci ilini yaşayır.  Azadlıq, müstəqillik hər bir xalq, millət üçün böyük nemətdir. Bu gün dünyamız sürətlə qloballaşır, dəyişir. Biz namərd, məkrli və mənfur qonşularımız tərəfindən hərbi münaqişəyə cəlb edilmişik. 1988-ci ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda yenidən hakimiyyətə gəlişinə kimi ermənilərin yalan təbliğatı bütün dünyanı bürümüşdü. Yalnız ulu öndər Heydər Əliyevin zəngin həyat təcrübəsi, böyük idarəçilik bacarığı, müdrük və uzaqgörən siyasəti ermənilərin bu yalan təbliğatının qarşısını aldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir, müasirləşir, yeniləşir, beynəlxalq siyasi nüfuzu yüksəlir. Azərbaycan iqtisadi, siyasi cəhətdən tam müstəqildir. Ölkəmiz son 16 ildə qarşısına qoyduğu bütün iqtisadi hədəflərə çatıb. Respublikamızda elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bütün bunlara görə biz ölkə rəhbərliyinə minnətdar olmalı, müsbət əməli fəaliyyətimizlə doğma Azərbaycanımızın hərtərəfli inkişafına, tərəqqisinə öz töhfələrimizi verməliyik.

Rəfiqə Nəcəfova

Sonda tələbə-gənclər adından  çıxış edən Pedaqoji fakültənin I tədris ili tələbəsi Rəfiqə Nəcəfova yüksək səviyyədə təhsil almaq üçün səy göstərəcəklərini və universitetin rəhbərliyinin etimadını doğruldacaqlarını bildirib.

Sosial şəbəkədə paylaşın: