BSU rektorunun “Müəllimlər günü” münasibətilə təbriki

Bakı Slavyan Universitetinin rektoru,
professor Nurlana Əliyevanın
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü
münasibətilə

TƏBRİKİ

Hörmətli professor-müəllim heyəti!

Hamınızı 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, müqəddəs, şərəfli, eyni zamanda məsuliyyətli müəllimlik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Bu gün Bakı Slavyan Universitetinin kollektivinin həyatında çox xoş və əlamətdar bir gündür. Biz  bu gün 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününü qeyd edirik. Məlumat üçün bildirmək istəyirəm ki, bu günün qeyd edilməsi ilə bağlı qərar 1966-cı il oktyabr ayının 5-də Birləşmiş Millətlər Təşkilatının ali mədəniyyət qurumu olan UNESKO tərəfindən verilmişdir və həmin ildən başlayaraq hər il oktyabrın 5-də dünyada Beynəlxalq Müəllimlər Günü keçirilir. Beynəlxalq Müəllimlər Günü hazırda dünyanın 100-dən çox ölkəsində, o cümlədən  Azərbaycanda  yüksək səviyyədə qeyd olunur.

Müəllim peşəsi tarixən cəmiyyətdə müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişlər. Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, yüksək mənəvi-əxlaqi dəyərlərə malik insanlar yetişir. Məhz belə insanlar cəmiyyəti inkişaf etdirir, onu irəli aparır. Bu gün həyatımızın bütün sahələrində sürətlə inkişaf edən müstəqil ölkəmizin daha da gücləndirilməsində mühüm rol oynayan, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar məhz müəllim əməyinin yetirmələridir. Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri vardır.

Xüsusi qeyd etmək istəyirəm ki, dünya şöhrətli siyasi xadim, müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev müəllim peşəsinə, müəllim əməyinə yüksək qiymət verərək demişdir: “ Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamımızın rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllim adından yüksək ad tanımıram”.

Elm və təhsilin inkişafına ali diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev demişdir: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini məhz təhsilə xüsusi diqqət və qayğı təşkil edir. Respublikamızın həyatının bütün sahələrində Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.

Bu gün Təhsil Nazirliyinin həyata keçirdiyi layihələr müəllim əməyinə verilən qiymətin təzahürü kimi diqqəti cəlb edir. Son illər Azərbaycanda müəllim peşəsinin ictimai nüfuzunun artırılması üçün dövlət səviyyəsində böyük işlər görülür. Bilik və bacarıqlarının diaqnostik qiymətləniriliməsi keçirilimiş müəllimlərin əmək haqları artırılıb, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilib, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib. 2019-2020-ci tədris ilində yüksək bal toplayaraq ölkəmizin ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərin 25%-i müəllimlik ixtisasını seçiblər. Təhsil sahəsinin inkişafinda xüsusi xidmətləri ilə seçilən müəllimlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir, onlara fəxri adlar, mükafatlar verilir. Bakı Slavyan Univeristeti (BSU) müasir tələblərə cavab verən, rəqabətqabiliyyətli pedaqoji kadrların hazırlanmasında əzmlə, səmərəli fəaliyyət göstərir. Bu il BSU-ya ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş 984 nəfər gəncin 578 nəfəri, magsitratura  səviyyəsinə qəbul olunmuş 112 nəfərin 56-sı müəllimlik ixtisasını seçib. Bütün bu rəqəmlər BSU-nun timsalında müəllimlik peşəsinin cəmiyyətdə ictimai nüfuzunun yüksəlməsinin mühüm göstəricisidir. Hazırda qarşımızda dayanan əsas vəzifə müasir biliklərə yiyələnmiş, yüksək texnologiyaları mənimsəmiş mütəxəssislər hazırlamaqdır. Hörmətli həmkarlar, sizi bir daha Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş, ən gözəl arzularımı bildirirəm.

Bayramınız mübarək!

Sosial şəbəkədə paylaşın:
  • 7
    Shares