BSU tələbələri Çexiyanın Karl Universitetində təhsil alacaq

Sentyabrın 20-də Çexiyanın Karl Universitetinin Fəlsəfə fakültəsində ERASMUS+ proqramı üzrə təhsil almaq üçün seçilmiş Bakı Slavyan Universitetinin çex dili üzrə təhsil alan beş tələbəsi ilə görüş keçirilib. Görüşdə iştirak edən universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərmin Quliyeva, Slavyan filologiyası kafedrasının müdiri Elçin Mehrəliyev, fakültə dekanları və dekan müavinləri tələbələrə faydalı məsləhətlər veriblər, onlara uğurlar arzulayıblar.

Çex dili və mədəniyyəti mərkəzinin müdiri Qəmbər Qəmbərovun sözlərinə görə, yay ayları boyunca tələbələrin dil biliyinin təkmilləşdirilməsi, eləcə də viza sənədlərinin toplanması və səfirliyə təqdim olunması üçün tələbələrlə mütəmadi görüşlər keçirilib. Bununla bağlı BSU-nun Slavyan filologiyası kafedrası və Beynəlxalq əlaqələr şöbəsi də tələbələrə yaxından dəstək olub. Qeyd edək ki, Karl Universitetinə ERASMUS+ proqramı üzrə təhsil almaq üçün Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Dilarə Manafova, Tərcümə fakültəsinin tələbələri Günel Kərimova, Tural Səfərli, Elvin Əhmədov və Sultan İbrahimli Çexiyanın paytaxtı Praqaya yollanıblar.

BSU-nun Mətbuat Xidməti

Sosial şəbəkədə paylaşın: